H.Zərdabi
əhali arasında maarifçilik ideyalarının yayılması məqsədilə
1875-ci il iyulun 22-də "Əkinçi" qəzetini nəşr etdirir.
1877-ci ilin sentyabr ayınadək 56 nömrəsi nəşr olunan qəzet
çar senzurası tərəfindən bağlanılır və H.Zərdabi 1879-cu ildən
1896-cı ilədək ailəsi ilə birgə Zərdaba sürgün edilir.
1896-cı ildən Bakıya qayıdır, ömrünün axırına qədər "Kaspi"
qəzetinin əməkdaşı və müvəqqəti redaktoru işləyir. "Həyat",
"Dəbistan" jurnalında yazılar dərc etdirir.
Həsənbəy Məlikov Zərdabi - görkəmli
maarifçi, təbiətşünas alim, milli mətbuatın banisi, dövrünün
ictimai siyasi xadimi, 1842-ci ilin iyun ayında keçmiş Bakı
quberniyasına daxil olan Göyçay qəzasının Zərdab kəndində
anadan olmuşdur. İlk təhsilini kənd molla məktəbində almış,
1854-cü ildə ali Şamaxı məktəbinə, 1958-ci ildə Tiflis qəza
gimnaziyasına, 1861-ci ildə isə Moskva universitetinin fizika
- riyaziyyat fakültəsinin "Təbüyyat" şöbəsinə daxil
olur və oranı müvəffəqiyyətlə bitirir. Universitetin elmi
sovetinin 10 avqust 1965-ci il tarixli qərarı ilə H.Zərdabiyə
təbüyyat elmləri namizədi adı verilir.
1865-ci illərdə Tiflisdə torpaq palatasında, 1886-cı ildən
Bakı Qəza idarəsində, 1866-cı ilin fevralından - oktyabrınadək
Quba Məhkəməsində katib, 1869-cu ildən Bakı realnı gimnaziyasında
- "Təbüyyat tarixi" müəllimi vəzifəsində işləmişdir.
1873-cü ildə Azərbaycan milli teatrının əsasının qoyulmasında
xüsusi xidməti olmuşdur.
H.Zərdabi ictimai xadim kimi 10 il Bakı şəhər Dumasının üzvü
olmuşdur.
H.Zərdabi Azərbycan muəllimlərinin qurultayının çağırılmasının
ilk təşəbbüskarlarından olmuş və 1906-cı il avqustun 15-də
keçirilən müəllimlərin qurultayına sədrlik etmişdir.
H.Zərdabi 1907-ci il noyabrın 28-də Bakı şəhərində vəfat etmişdir.
Hər hansı bir xalqın uzun intizardan sonra doğma ana dilində
qəzet oxuması, heç şübhəsiz, əlamətdar tarixi hadisə olur.
Azərbaycan isə XIX əsrdə buna nail olmuşdur. Qeyd etməliyik
ki, müəyyən səbəblərdən "Əkinçi"nin mənsub olduğu
xalqın intizarı çox uzun çəkmişdir. Vaxtilə Cənubi Azərbaycanda
əlyazma halında divarlara yapışdırılan şəbnamələr artıq yeni
dövrün ilk mətbuat növlərindən idi.
Çarizm milli mətbuatın bünövrəsini qoymağa çalışan maarifçilərin
bütün təşəbbüslərini boğurdu. Azərbaycan mətbuatının yerli
düşmənləri də yox deyildi. Padşahpərəst polkovnik Əlibəy Əlixanov
"Əkinçi"nin ana dilində ona göndərilmiş ilk nüsxəsini
alıb hiddətlə yazmışdı; "Təəssüf eyləyirəm redaktor nə
üçün bilmir ki, öz çarına sədaqətlə xidmət edən bir nökər
hökumət tərəfindən buraxılmayan bir qəzeti oxumaz".
Belə səbəblərə görədir ki, "Əkinçi" redaktorunun
ən yaxşı sələflərindən A.Bakıxanov ancaq "Tifliskiye
vedemosti", M.F.Axundov isə "Kafkaz" qəzetində
əməkdaşlıq etməyə müvəffəq ola bilmişdi. M.F.Axundov Mirzə
Şəfi ilə birlikdə Azərbaycan mətbəəsi açmaq istədikdə hökumətdən
yardım əvəzinə istehza görüb, bacarıq və qüvvəsini mədəniyyətin
başqa sahələrinə sərf etmişdi. M.F.Axundov Mirzə Mülkümxana
yazdığı məktubunda "Zəhərdən acı bir həyat keçirirəm"
- deyərkən yenə özünü ələ alıb dostuna "... pərişan və
bədbin olmayın! Öz işinizdə mərd-mərdanə olun!" sözlərini
yazmışdı. Bakıxanovların, Axundovların ürəyində qalan arzulardan
bir çoxu, o cümlədən Azərbaycan dilində qəzet nəşr etmək arzusunu
həqiqətə çevirmək, onların gənc həmvətəni H.Zərdabiyə qismət
oldu. Görünür, Zərdabi mədəniyyət estafetini Axundovdan aldığı
zaman ondan özünə mənəvi dayaq, müəllim və köməkçi olmaq vədini
də almışdı. Məlumdur ki, "Əkinçi"nin nəşrə başlamasını
sevinclə qarşılayan Axundov az sonra onun müəlliflərindən
biri olmuş, bu qəzetin məzmunca kamilliyinə, tərtibat gözəlliyinə,
oxucular arasında yayılmasına çalışmış, habelə "Əkinçi"də
təbliğ olunan maarifçi ideyaların həyata keçirilməsinə də
köməyini əsirgəməmişdi.
Azərbaycanda mətbuatın, o cümlədən nəşriyyat işinin tarixi
çox az öyrənildiyindən, məxəzlərə bu işin pioneri, onların
fədakar xidməti haqqında ancaq ötəri məlumata təsadüf olunur.
Halbuki son yüz il Azərbaycan mədəniyyətinin tərəqqisi milli
mətbuat və poliqrafiyanın inkişafı ilə möhkəm bağlıdır və
burada "Əkinçi"nin, onun redaktorunun, əsas müəlliflərinin
və köməkçilərinin xidməti çox böyükdür. Yalnız onu xatırlatmaq
kifayətdir ki, Zərdabi qəzet çıxarmaq üçün üç ildən artıq
çalışmışdı. Özü də qarşıya çıxan çətinlik yalnız ona naşirlik
icazəsi verməli olan hakim dairələrin süründürməçiliyindən
ibarət deyildi. O zaman bütün Qafqazda ərəb əlifbası ilə hürufat
yox dərəcəsində idi. "Tiflis əxbari" və başqa adlarla
cəmisi bir neçə nömrəsi çıxmış bülleten xarakterli nəşrlər
üçün istifadə olunmuşdu. Azərbaycanca qəzet buraxılması işinə
milli mətbəə təşkilindən ilk növbədə hürufat tədarükündən
başlamaq lazım idi ki, Zərdabi də məhz belə etmişdi.
Aydın bir məsələdir ki, 1854-cü ildə yaranmış yeni quberniya
mərkəzində - Bakıda milli poliqrafiyanın inkişafı yolunda
atılan ilk addım şəhərin mədəni simasının formalaşması üçün
də böyük əhəmiyyəti olan bir hadisə idi. Mətbəə məsələsi çox
müşkül idi. Ona görə də müstəqil mətbəə açmaq çox çətin, mümkünsüz
bir iş olduğundan Bakı Quberniya mətbəəsindən istifadə etmək,
əldə olunan hürufatı da oraya vermək lazım gəlmişdi. Zərdabiyə
bu işdə gürcü qızı olan arvadının da köməyi olmuşdu. Yəni
Qafqaz xalqlarına rəğbət bəsləyən Bakı qubernatoru Staroselski
bu münasibətlə qəzetin nəşrinə xeyli kömək göstərmişdi. Bunlarla
bərabər "Əkinçi"nin əsl xeyirxahları və müdafiəçiləri
Azərbaycanın qabaqcıl, vətənpərvər oğulları M.F.Axundov, Seyid
Əzim, N.Vəzirov, Ə.Görani, M.Əlizadə və başqaları olmuşlar.
Böyük rus yazıçısı, məşhur "Kolokol" jurnalının
redaktoru A.J.Gertsen deyirdi ki, ictimai həyatı zəif inkişaf
etmiş xalqlar üçün mətbuat ən yaxşı tribunadır. Zərdabi "Əkinçi"ni
məhz belə bir tribunaya çevirmişdi. O, qəzetdə müzakirə və
mübahisələr açmış, Azərbaycan mətbuatında sonralar davam etdirilən
ideoloji mübarizə ənənələri yaratmışdı.
"Əkinçi" nəşrə başladığı zaman Azərbaycan dilində
cəmi bir neçə daşbasması yolu ilə buraxılmış çap kitabı vardı.
Bu kitabları da M.F.Axundov demişkən, oxumaq dağ çapmaqdan
daha çətin idi. "Əkinçi"nin taleyi ilk gündən faciəli
oldu. Belə ki, Zərdabinin ideyaları hər addımda irticanın
sərt qayaları ilə toqquşurdu. "Əkinçi" çar hakim
dairələrinin müqavimətini qırmalı olur, yerli irticaçılarla
mübarizəyə girir, onları tutarlı mühakimələrlə susdururdu.
Həmin dövrdə əməli işlər, maddi-texniki qaydalar daha çox
idi. "Əkinçi"nin hökumət mətbəəsində nəşri prosesində
müxtəlif əngəllər çıxırdı. Hürufat çatmırdı, olanlar da köhnəlib
yararsız hala düşməkdə idi. Bir çox nömrələrin çapı, korrektor
işini də Zərdabi özü görməli olurdu.
Qəzetə xəbər yazan müxbirlər də kifayət qədər deyildi. Zərdabi
yazırdı ki, köməyimiz az olduğundan və kənar yerlər bir yana,
Bakıda baş verən mühüm hadisələrdən də bəziləri bizə vaxtlı-vaxtında
gəlib çatmırdı. Xarici xəbərləri isə rus, İran, türk, Orta
Asiya qəzetlərindən götürməli olurduq. Müxtəlif dillərdə yazılmış
məqalə və xəbərləri isə Zərdabi özü Azərbaycan dilinə tərcümə
edirdi. Şəkillərin verilməsi isə poliqrafik şərait olmadığından
bu işi həyata keçirmək mümkün olmurdu.
H.Zərdabi "Əkinçi" qəzetinin vəziyyəti barədə düzgün
təsəvvür yaratmaq üçün Avropa mətbuatı, xüsusilə Londonda
çıxan "Tayms"la öz qəzetini müqayisə edirdi. Zərdabi
yazırdı: "Dünyada hər qəzeti beş, ya on adam inşa edir:
onu çap edən, hərflərini düzən, qələtlərini düzəldən başqa
kəslər olur. Amma bu işlərin hamısını gərək mən özüm görüm...
Ey bizlərə diqqət edənlər, bu qəzetin kəsrini görəndə gülməyin.
Gülmək yeri deyil, siz ağlayın ki, biz müsəlmanın bircə qəzeti
də basdırmağa (nəşr etməyə) adamı yoxdur". Təsadüfi deyil
ki, o zaman Bakıya gəlmiş bir fransız jurnalisti "Əkinçi"nin
çap olunduğu şəraiti gördükdə Zərdabiyə demişdi: "Doğrusu,
siz əsl qəhrəmansınız! Bizim Fransada belə bir yoxsul qəzet
üçün işləmək istəyən tapmaq olmazdı. Sizin qüvvənizə heyrət
edirəm. Belə məlum olur ki, Siz öz xalqınızı çox sevirsiniz!"
Staroselskinin Bakıdan köçüb gedəndən, xüsusilə Rusiya-Türkiyə
müharibəsi başlanandan sonra qəzetin vəziyyəti daha da ağırlaşdı.
Qəzetin mövzu dairəsi əvvəlkindən də artıq məhdudlaşdırıldı.
Zərdabi 1905-ci ildə, nəhayət, həyat, qəzetində çap etdirdiyi
"Rusiyada əvvəlinci türk qəzeti" adlı məqaləsində
yazırdı: "Müsəlmanların düşmənləri ki, Staroselskinin
vaxtında bir iş görə bilmirdilər, hər tərəfdən "Əkinçi"nin
üstə tökülüb onun bağlanmasına səy edirdilər". Çar jandarmı
Zərdabini təqib edib, gözdən qoymur, hər bir hərəkətinə, hər
sözünə nəzarət yetirirdi. Onun haqqında hökumətə çoxlu-çoxlu
məktublar göndərilirdi. Həmin dövrlərdə şəhər və kəndlərin
yolları pis olduğundan, xüsusilə müharibə nəticəsində poçtların
işi daha da ağırlaşdığından "Əkinçi" qəzeti bəzən
oxuculara çox gec çatdırılırdı ki, bu da onların haqlı şikayət
və narahatlığına səbəb olurdu.
Bütün bu çatışmazlıqlarla əlaqədar qəzetin tirajının xeyli
hissəsini pulsuz paylamağa məcbur olurdu.
"Qəzet nədir", "Əkinçi" və "Zərdabi
məsləki nədən ibarətdir?" "Qəzet ictimai və mədəni
tərəqqidə nə kimi rol oynayır?" kimi məsələlərə S.Əzim
Şirvaninin ətraflı cavab verən dolğun, məzmunlu şeirləri Azərbaycan
mətbuatının bu gərgin dövrünü işıqlandıran çox əhəmiyyətli
əsərlərdir.
"Əkinçi" qəzeti çox tez bağlandısa da, xalqımızın
mədəniyyət salnaməsində böyük ad qoydu. Onun Azərbaycan milli
mətbuat tarixində açdığı yol, yaratdığı ənənələr çox uğurlu,
uzunömürlü oldu. "Əkinçi" qəzetinin nəşri ilə Azərbaycan
milli mətbuat tarixinin əsası qoyuldu.
Azərbaycan ədəbiyyatı və mətbuatının bütün qabaqcıl xadimləri,
hətta "Əkinçi" bağlanandan 20-30 il sonra da onun
əhəmiyyətini itirməyən maarifçi ideyalarına yiyələnməyə ciddi
fikir verdilər. "Əkinçi" zəhmətkeş xalqa təmənnasız
və sədaqətlə xidmətin, ictimai və milli zülmə qarşı mübarizəsinin,
doğma mədəniyyət və ana dilinin tərəqqisi yolunda yorulmadan
çalışmışdı. "Əkinçi" dünya elminin nailiyyətlərini
yaymağın, xüsusilə doğruçu demokratik mətbuatı inkişaf etdirməyin
ilhamvericisi, gözəl bir nümunəsi oldu. Bunun ən parlaq sübutu
məşhur "Molla Nəsrəddin" jurnalının, onun əsas müəlliflərinin
"Əkinçi" və əkinçilərlə möhkəm ideya varislik əlaqəsidir.
"Əkinçi" nəşr edildiyi zaman C.Məmmədquluzadə daxil
olmaqla, Azərbaycan yazıçılarının yeni nəslinin nümayəndələri
on-on beş yaşlı uşaqlar idilər. Lakin istər 80-90-cı illərdə,
istərsə də sonra bu yazıçıların çoxu "Əkinçi"dən
müxtəlif yollarla öyrənib faydalanırdılar.
XX əsrin əvvəllərində "Əkinçi", Sabir demişkən,
"vəfat etmişdisə" də, Azərbaycan ziyalılarının bir
çoxunun özünə "mənəvi ata" saydığı Zərdabi sağ idi;
o yenə yazır, mübarizədən qalmır, "Əkinçi"də gördüyü
işi davam etdirirdi. N.Vəzirovun yeni komediyaları və "Dərviş"
imzalı publisist əsərləri ilə "Molla Nəsrəddin"
jurnalı üçün C.Məmmədquluzadə və digər mollanəsrəddinçilər
üçün müəyyən dərəcədə ədəbi zəmin hazırlayırdı.
Sovet dövründə "Əkinçi"nin 50 illiyinə hazırlıq
zamanı C.Məmmədquluzadə əlyazmalar fondundan bu qəzetin komplektlərini
alıb dərindən mütaliə etmişdir. Görkəmli yazıçı və publisistlərdən
Eynəli Sultanov və Ə.Haqverdiyev özlərinin yetkin dövründə
"Əkinçi"ni tapıb oxumuş və onun bütün nömrələrinin
konspektini tutmuşlar. Dünyagörüşü ilk Azərbaycan qəzetilə
sıx təmasda təşəkkül tapan, Zərdabi ilə məktublaşan, "Əkinçi"nin
başladığı yeni ictimai-ədəbi hərəkatla bağlı olan şəxsiyyətlər
sırasında habelə Əbdürrəhim Talıbov, Məhəmməd Tahir, Zeynalabdin
Marağayi, Mirzə Mehdixan kimi cənublu yazıçı və mütəfəkkirlərimiz
daxildir. Akademik M.Cəfər çox düzgün olaraq "Səyahətnameyi
İbrahim bəy" və "Əhmədin kitabı" əsərlərində
təbliğ olunan qabaqcıl fikirlərlə M.F.Axundov və "Əkinçi"
arasında möhkəm əlaqə görür.
"Əkinçi" ənənələrini yaşatmaq və inkişaf etdirmək
yolunda F.Köçərli daha ardıcıl çalışmışdı. Əsərlərində Zərdabi
və onun qəzetini dönə-dönə yad edən bu fədakar alim 1906-cı
ildə bu fikirdə idi ki, "Əkinçi"nin gözəl sözləri
və nəfli məlumatı indi də öz əhəmiyyətini itirməmişdir. Onlar
"müəyyən bir sistem halına salınıb Azərbaycan dilində
nəşr edilən dövri yazılarda çap olunarsa, çox faydalı olar".
H.Zərdabi və "Əkinçi" qəzeti ilə əlaqədar tədqiqat
işlərinin aparılması cavan tədqiqatçıların qarşısında duran
əsas məsələlərdən biri olmalıdır.